Bayden səbirsizliklə Zelenskini gözləyir

 19:31 21.12.2022     310

“Sizə uğurlu uçuş arzulayıram, Volodimir. Sizi burada görməyə çox şadam. Müzakirə ediləcək çox şey var”.

Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden öz “Twitter” hesabındakı paylaşımında yazıb.

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edir.

Zelenskinin uçuşu əsnasında Bayden artıq gözləməkdən yorulub və görüş barədə “Twitter” hesabında “şirin” mesajlar yazır.

Zelenskinin sözçüsü Sergey Nikiforovun sözlərinə görə, Baydenlə görüşdə iki ölkə arasında əməkdaşlığın, xüsusən də Ukraynanın sabitliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, onun suverenliyinin dəstəklənməsi və ərazi bütövlüyünün bərpası ilə bağlı müzakirələrin aparılması planlaşdırılır.

Ukrayna prezidenti həmçinin ABŞ Konqresinin iki palatasının birgə iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Zelenski Baydenlə görüşmək üçün Kiyev vaxtı ilə saat 21:00-da Ağ Evə gələcək. Təxminən saat 23:30-da Ukrayna və ABŞ prezidentlərinin birgə mətbuat konfransı başlamalıdır.

Zelenskinin səfəri Vaşinqtondan Kiyevə yeni hərbi yardım paketinin elanı ilə bağlıdır.

Bu paketə Patriot hava hücumundan müdafiə sistemi daxil olacaq.

Tunar Altunbay