Zelenski Baydendən bu silahları istəyəcək 

 23:15 21.12.2022     153

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfəri çərçivəsində bu ölkənin hakimiyyət orqanlarından 300 kilometr mənzilə malik ATACMS taktiki ballistik raketləri istəyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, Zelenski, həmçinin ABŞ-dan “Grey Eagle” və “Reaper” pilotsuz uçuş aparatları tədarük etməsini xahiş edəcək.

Nəşrin mənbələri bildirir ki, ABŞ rəsmiləri bu silahları verməyə hazır deyil. Qeyd olunur ki, Vaşinqtonun qərarsızlığı Ukrayna rəsmilərini narahat edib və Ukraynanın ali hərbi rəhbərliyini digər ölkələrdən, o cümlədən Qərb alyansına daxil olmayan ölkələrdən kömək istəməyə məcbur edib. 

Məlumat üçün bildirək ki, Zelenski bu gün, dekabrın 21-də ABŞ-a səfər edib. O, Prezident Co Baydenlə görüşməli və Konqres üzvlərinə müraciət etməlidir.