Rəsmi Moskvadan Paşinyanın sülhməramlılarla bağlı iddiasına REAKSİYA
Rusiya sülhməramlı missiyası Laçın dəhlizində vəziyyətə nəzarət üzrə öhdəliklərini yerinə yetirir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın guya sülhməramlıların öz tapşırıqlarını yerinə yetirməməsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
“Mən bunun əksini deyə bilərəm, Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirirlər”, - deyə o, müvafiq sualı cavablandırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Paşinyanın sözlərini şərh edərkən belə bir bəyanatla razılaşmayıb.
O, bildirib ki, Rusiya sülhməramlıları sənədlərə uyğun ciddi hərəkət edir və işlədikləri yerdə asayişi təmin etmək üçün mümkün olan hər şeyi edirlər.
“Rusiya sülhməramlıları çalışdıqları ərazilərdə asayişin və əmin-amanlığın təmin edilməsi üçün mümkün olan hər şeyi edirlər və onlar yalnız tərəflər arasında imzalanmış sənədlərin ruhuna və mətninə uyğun hərəkət edirlər”, - Kreml sözçüsü bildirib.
"Biz şübhəsiz ki, erməni həmkarlarımız və müttəfiqlərimizlə bu mövzunu müzakirə etməyə davam edəcəyik", - Peskov əmin edib.
Daha əvvəl Ermənistanın baş naziri bildirib ki, Rusiyanın "Dağlıq Qarabağ"dakı sülhməramlı kontingenti Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Laçın dəhlizinə nəzarət etmək öhdəliyi daşıyır, lakin de-fakto bu vəzifəni yerinə yetirmir. “Bəyanatın altıncı bəndinə əsasən, Laçın dəhlizi Rusiyanın "Dağlıq Qarabağ"dakı sülhməramlılarının nəzarətindədir və Azərbaycan Respublikası Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir” - deyə Paşinyan xatırladıb.
Turan İSMAYIL












