Qarabağ erməniləri Paşinyanın arvadını əsəbləşdirdi

 15:25 25.12.2022     295

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Qarabağ ermənilərini azyaşlı uşaqlardan siyasi məqsədlər üçün sui-istifadə etməkdə suçlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə A.Akopyan feysbukda gileylənib.

“2020-ci il dekabrın 25-də Ermənistan KİV-də bu başlıqlı materiallarla dolmuşdu: “Xankəndində qalmaqal. Qarabağ sakinlərinin xahişi ilə Anna Akopyanın fondu tərəfindən quraşdırılan çadırlar və milad yolkası sökülüb”.

Həqiqətən də, yolka və uşaq pavilyonlarını sökdülər, tədbir ləğv olundu. Kiçik qəlblərinə müharibənin bütün qəddarlıqlarını sığdıran uşaqlara üçgünlük də olsa acı həqiqətdən qopmağa qoymadılar. Böyüklər, anladığınız kimi, qəlbsizdir. Özü də onlardan bu heç tələb də olunmurdu”, - ixtisasca jurnalist olan A.Akopyan qeyd edib.

O vurğulayıb ki, təşkil olunmuş tədbir böyüklər üçün deyildi: “Onlar nə plastilindən evciklər qurmalı, nə kimyəvi təcrübələr aparmalı, nə də nağıllar danışmalı idilər”.

Baş nazirin həyat yoldaşı bildirib ki, heç bir konsertin planlaşdırılmamasına baxmayaraq, Qarabağ erməniləri uşaqlara qarşı eqoistcə davranıb:

“Qısası, böyüklərin uşaqlara qarşı daha eqoist davranışı ola bilməzdi. Ancaq, görünür, bu sadəcə başlanğıc idi. İndi də həmin böyüklər eyni uşaqların əlinə ürəkağrıdan yazılar verir, yolkaların qarşısına qoyur, şəkil çəkdirirlər. Onlar uşaqlara kədərli mətnləri əzbərlədir və videolar çəkir, onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir və mərhəmət hissini oyatmaq və çadırları sökmək üçün dünyanın hər yerinə aparırlar”.

A.Akopyanın sözlərinə görə, valideynlər 3, 4, 5 yaşlı övladlarına siyasi mövzulu daxil olmaqla müxtəlif mətnlər əzbərləməyə məcbur edirlər:

“Uşaqların ərazi məsələlərindən başı çıxmır və suallar isə mütləq ortaya çıxacaq. Onlar heç vaxt başa düşməyəcəklər ki, Xankəndinin mərkəzində onlar üçün qurulmuş çadırlar necə oldu ki, atalar və anaları tərəfindən bu qədər asanlıqla söküldü. Bu sual, şübhəsiz ki, böyüklərə ünvanlanacaq və çətin ki, təsəlliverici cavab tapa biləcəklər”.

Paylaşımın sonunda Baş nazirin həyat yoldaşı Qarabağ ermənilərinə müraciət edib:

“Nə vaxtsa uşaqların, 18-20 yaşlı əsgərlərin arxasında gizlənməyə son qoymalıyıq. Və o gün nə qədər tez gəlsə, faciələrimiz bir o qədər tez bitəcək”.