Kadırovun qardaşı oğlu Krımda saxlanıldı
Ukraynanın işğal altında olan Simferopol şəhərində Çeçenistan prezidenti Ramzan Kadırovun Xerson və Zaporojye vilayətlərinə “gözətçi” təyin edilən qardaşı oğlu Həsən İbrahimov saxlanılıb. Onunla birlikdə Çeçenistandan olan dörd təhlükəsizlik məmuru saxlanılıb.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, onlar restoranda olan bir oğlanı döyməkdə şübhəli bilinirlər. Belə ki, Kadırovçular Simferopolda axşam "Monroe Club"da dincələrkən onlardan biri kobud şəkildə bir qızın ombasından tutub. Bu zaman sevgilisi qızın müdafiəsinə qalxıb və nəticədə çeçenlər oğlanı küçəyə sürüyərək oradaca döyməyə başlayıblar. Hadisə şahidlərinin sözlərinə görə, klubun təhlükəsizlik əməkdaşları döyüşçülərə mane olmayıb. Təcavüz etdikləri qız da davanı yatırtmağa çalışa da, amma heç nə alınmayıb.
Kadırovçuları yalnız yerli polis əməkdaşları sakitləşdirə biliblər, hətta həbs zamanı çeçenlərdən biri polisi təpikləyib və onlar sprey qutusundan istifadə etməli olublar. Müstəntiqlərlə söhbət zamanı şübhəlilər bundan imtina etsələr də, onların bütün hərəkətləri müşahidə kameralarına düşüb.
Qeyd edək ki, bundan əvvəl Çeçenistan lideri Ramzan Kadırov qardaşı oğlu Həsən İbrahimovu Ukraynanın cənubunun işğal olunmuş ərazisinə göndərib.
Turan İSMAYIL












