Rusiya Ukraynanın işğal olunmuş ərazilərində “seçkilər” keçirmək istəyir
Rusiya rəhbərliyi 2023-cü ilin sentyabrında Ukraynanın işğal olunmuş ərazilərində “seçkilər” keçirməyi planlaşdırır. Bu planlar hətta hərbi vəziyyət şəraitində də həyata keçirilə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşri yazır.
Kremlə yaxın üç mənbənin bildirdiyinə görə, hazırda Rusiya Prezident Administrasiyası bu “seçkilərin” dərhal və Ukraynanın işğal olunmuş ərazilərində də keçirilməsi ssenarilərini müzakirə edir.
Nəşrin həmsöhbətlərindən biri iddia edir ki, onlar Ukrayna ərazilərində qüvvədə olan hərbi vəziyyət şəraitində “seçkilər” keçirmək üçün seçki kampaniyasının standart şərtlərini üçdə bir azaltmaq istəyirlər.
Belə ki, Rusiya qanunlarına əsasən, yerli seçkilərin təyin edilməsi barədə qərar faktiki səsvermə gününə 90-100 gün qalmış qəbul edilir. İndi təkrar və ya növbədənkənar seçkilər üçün bu şərtləri azaltmaq istəyirlər.
İddia olunur ki, yeni düzəlişlərlə seçki kampaniyasına hələ iyul ayından start verilə bilər. Eyni zamanda, yəqin ki, işğal olunmuş ərazilərdə “seçkilərin” baş tutması üçün hərbi vəziyyət haqqında qanuna dəyişiklik etmək lazım gələcək.
Qeyd edək ki, bu il sentyabrın 23-27-də rus işğalçıları Ukraynanın işğal olunmuş ərazilərində “referendumlar” keçirib, nəticədə Ukraynanın dörd vilayətinin - Donetsk, Luqansk, Zaporojye və Xersonun ilhaqını elan ediblər.
Turan İSMAYIL












