Taliban qızların təhsili ilə bağlı yekun qərarını verəcək
Əfqanıstan rəhbərliyi 2023-cü ilin mart-aprel aylarında qadın və qızların təhsil prosesi ilə bağlı qərar qəbul etmək niyyətindədir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə axşamı "Taliban" radikal hərəkatının yaratdığı müvəqqəti hökumətin mədən və neft sənayesi naziri Şahabuddin Delaver deyib.
"Hamal ayına qədər (21 mart - 20 aprel - red.), inşallah, qızların şəriət və əfqan ənənələrinə uyğun olan orta məktəblərdə, ibtidai məktəblərdə və universitetlərdə təhsili ilə bağlı qərar veriləcək", - Delaver təhsil haqqında danışarkən deyib.
Qeyd edək ki, dekabrın 20-də "Ariana News" xəbər verib ki, Taliban Ali Təhsil Nazirliyi universitetlərə məktub göndərərək, kabinetin qərarına əsasən, qızlar üçün dərslərin növbəti xəbərdarlığa qədər dərhal dayandırılmasını tövsiyə edib. Cümə günü Taliban qadınların, o cümlədən müəllim heyətinin nümayəndələrinin universitetlərdə olmasına qadağa qoyub. Şənbə günü "TOLO news" xəbər verib ki, Taliban İqtisadiyyat Nazirliyi bütün milli və beynəlxalq qeyri-hökumət təşkilatlarına qadınları işdən uzaqlaşdırmağı əmr edib.
Xatırladaq ki, 2021-ci il avqustun ortalarında Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra dərslər sentyabrın 19-da bərpa olundu, lakin dərslərə yalnız oğlan və kişi müəllimlərə icazə verildi. Bu ilin mart ayında Taliban orta məktəbli qızların məktəbə getməsini qadağan edib.
Turan İSMAYIL












