Peskov MDB liderlərinə təqdim edilən üzüklərin mənasını AÇIQLADI
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərinə təqdim olunan qızıl üzüklər sadəcə Yeni il suvenirləridir.
Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Üzüklərə diqqət yetirməyə ehtiyac yoxdur - bu, sadəcə olaraq belə bir Yeni il suveniridir. Orada xüsusi heç nə yoxdur”, - Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə bildirib.
Kreml sözçüsü Vladimir Putinin ona hədiyyə edilən üzüyü taxmaq fikrində olmadığı fikrini bildirib.
Qeyd edək ki, Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitinin əvvəlində iclas iştirakçılarına Birlik simvolu olan rəmzi üzüklər və təbriklər təqdim olunub. Xatirə üzüyünü dərhal yalnız Belarus lideri Aleksandr Lukaşenko taxıb.
Hər üzükdə MDB-nin simvolları, “Rusiya” sözü və “Yeni iliniz mübarək 2023” ifadəsi var. Bundan əlavə, kənarında MDB dövlət başçılarının qeyri-rəsmi sammitinin keçirildiyi tarixlər həkk olunub. Hər üzük ağ və sarı qızıldan hazırlanıb. Üzüklər suvenir olduğundan onlar müəyyən bir barmağa uyğunlaşdırılmadan hazırlanıb.
Turan İSMAYIL












