“Belə bəyanatlar təxribatdır" - Peskovdan Ermənistan Təhlükəsizlik Şurasının katibinə CAVAB

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını təxribat xarakterli hesab edir.
Redaktor.az xəbər verir ki, Kreml sözçüsü bu barədə "news.am"a açıqlamasında deyib.
“Belə bəyanatlar təxribat kimi qiymətləndirilə bilər. Onlar doğru deyil. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus ittifaqına qoşulmağa məcbur edir.
O, İctimai Televiziyanın efirində qeyd edib ki, sentyabrın 13-də Azərbaycan-Ermənistanın sərhədində baş verənlər, eləcə də Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqləri çərçivəsinə baş verir.
Turan İSMAYIL