Eks-prezidentin qızının milyard dollarına həbs qoyuldu

Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Xose Eduardo duş Santuşun böyük qızı İzabel duş Santuşun 1 milyard dollarlıq aktivlərinə həbs qoyulması barədə qərar çıxarıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Jornal de Angola” məlumat yayıb.
Məlumata görə, məhkəmə qərarını əsaslandıraraq qeyd edib ki, bu addım BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atılıb. İzabel duş Santuşun xarici şirkətlər də daxil olmaqla onlarla şirkətdəki payları həbs edilib.
Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.
Joze Eduardu Duş Santuş 1979-2017-ci illərdə Anqola prezidenti olub. Onun qızı İzabela isə “Sonangol” neft şirkətinə 2016-2017-ci illərdə başçılıq edib. Bu müddətdə şirkətin 700 mindən artıq sənədi incələnib və ciddi korrupsiya faktları, neft pullarının ofşor şirkətlər vasitəsilə xaricə köçürüldüyü müəyyən olunub.
Hazırda Anqola xaricində olan İzabel Duş Santuş Rusiya pasportuna malikdir. Belə ki, onun atası Joze Eduardo duş Santuş Bakıda Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (indiki Dövlət Neft və Sənaye Universiteti) oxuyarkən tələbə yoldaşı Tatyana Kukanovaya vurulur və onunla evlənir. Bu nikahdan 1973-cü ildə qızları İzabel Duş Santuş dünyaya gəlir. SSRİ-də anadan olan prezident qızı SSRİ pasportunu 1991-ci ildə Rusiya pasportu ilə dəyişib. Hazırda o, Birləşmiş Ərəb Əmirliklərində yaşayır.
Tunar Altunbay