Özbəkistanda 21 yaşdan kiçik şəxslərə tütün və spirtli içkilərin satışı qadağan OLUNUR

Özbəkistan Senatı (parlamentin yuxarı palatası) plenar iclasda “Alkoqol və tütün məmulatlarının yayılmasının və istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun yeni redaksiyasını təsdiqləyib. Qanuna əsasən, respublikada tütün və alkoqollu içkilərin 21 yaşdan aşağı insanlara satışı qadağan olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən məlumat verilib.
"Qanun 21 yaşına çatmamış şəxslərə alkoqol və tütün məmulatlarının, həmçinin tütün və nikotindən istifadə üçün nəzərdə tutulmuş cihazların satışını qadağan edir", - sözçü bildirib. O xatırladıb ki, qanunun hazırkı variantı 20 yaşına çatmamış şəxslərə tütün və spirtli içkilərin satışını qadağan edir.
Bundan əlavə, təşəbbüs bu məhsulların stasionar pərakəndə satış obyektlərindən kənarda, apteklərdə və uşaq mallarının satışı üçün nəzərdə tutulmuş binalarda satışının qadağan edilməsini nəzərdə tutur. Qanunun yeni redaksiyasına uyğun olaraq, satıcı 21 yaşından kiçik görünən alıcıdan şəxsiyyətini və yaşını təsdiq edən sənədi tələb etməlidir.
Həmçinin qanunun yeni redaksiyasında siqaret çəkilməsi qadağan edilən ictimai yerlərin siyahısı xeyli genişləndirilib. O cümlədən ticarət və xidmət obyektlərində, o cümlədən ictimai iaşə obyektlərində, klublarda, diskotekalarda, kinoteatrlarda, teatrlarda, sirklərdə, konsert, baxış və sərgi salonlarında və kütləvi istirahət üçün nəzərdə tutulmuş digər qapalı tikililərdə siqaret çəkmək qadağan olunur.
Qanunun yeni variantı respublika prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Turan ASLAN