Baş nazir iqamətgahını dəbdəbəli təmir etdirdi
Böyük Britaniyanın baş naziri Rişi Sunak və həyat yoldaşı "Downing Street"dəki iqamətgahında dəbdəbəli təmir işləri aparıblar.
Redaktor.az lenta.ru-ya istinadla xəbər verir ki, dizayner Con Çallis “Tatler” jurnalına Mühafizəkarlar Partiyasının rəhbərinin mənzilinin dəbdəbəli təmirindən danışıb.
Mənbələr bildirir ki, təmir xərclərini baş nazirin ailəsi şəxsən ödəyib. Britaniya Mühafizəkarlarının liderinin həyat yoldaşı pərdələr üçün istifadə edilən damask ipəyi də daxil olmaqla nəfis parçalar sifariş edib. Çallisin dediyinə görə, binanın karnişi əllə zərlənib. Bundan əlavə, mənzilə məxmər divanlar gətirilib. Dizayner divanın yastıqlarını “sənət əsəri” adlandırıb.
Sunakın qərarı Britaniyanın keçmiş baş naziri Boris Consonun etdiyi təmirdən sonra verilib. O, mənzilinin baha başa gələn təmir xərclərini ödəmək üçün xeyriyyə fondu yaratmaq istəyirdi.
Bununla belə, vəziyyət maraqların toqquşması təhlükəsi yaratmışdı. Belə ki, varlı Tory üzvlərinin ianələri baş nazir üçün maddi qazanc kimi qiymətləndirilə bilərdi. Buna görə Britaniya Seçki Komissiyası baş nazirin mənzilində təmir işlərinin maliyyə mənbələri ilə bağlı rəsmi araşdırmaya başlayıb.
Nərmin VÜQARQIZI












