İsrail İranın nüvə silahı əldə etməsinə mane olmağa SÖZ VERDİ

Heç bir İsrail hökuməti İranın nüvə silahına sahib olmasına icazə verməyəcək.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə dekabrın 28-də yəhudi dövlətinin baş naziri Yair Lapid məlumat verib.
“Heç bir İsrail hökuməti İranın nüvə silahına sahib olmasına icazə verməyəcək. Hərəkət etmək lazımdırsa, hərəkətə keçəcəyik. Mən bunu gələcək baş nazir Benyamin Netanyahu ilə müzakirə etdim və bu, İsrail ictimaiyyəti arasında tam razılığın olduğu bir neçə mövzudan biridir”, - o, bildirib.
Qeyd edək ki, noyabrın 3-də İsraildə son üç ildə beşinci növbədənkənar parlament seçkiləri keçirilib. 25-ci Knessetdəki ən böyük parlament fraksiyası keçmiş baş nazir Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasıdır.
Bundan əvvəl, sentyabrın 12-də İsrailin müdafiə naziri Benni Qantz bildirmişdi ki, İran nüvə silahının yaradılması istiqamətində irəliləməkdə davam edir və bu məqsədə yaxınlaşır. Onun sözlərinə görə, son illər İran nüvə silahı haqqında biliklərə yiyələnib və ölkə rəhbərliyi silah yaratmaq üçün lazımi materialı bir neçə həftə ərzində ala bilər.
Müdafiə naziri hesab edir ki, bütün bunlar artıq “dönməzdir”. Əgər İran nüvə silahı əldə edərsə, ölkə "terrorçuluq ixracını" davam etdirəcək və bu, qlobal enerji mənbələrinə, ticarətə, ərzaq təhlükəsizliyinə və miqrasiya axınına daha geniş miqyasda təsir göstərəcək.
Bundan əvvəl, iyulun 26-da Qantz bildirib ki, İsrail nüvə proqramının inkişafını cilovlamaq üçün İrana zərbələr endirə bilər. O, İranı bütün dünya üçün təhlükə adlandırıb.
Onu da qeyd edək ki, Netanyahu 1996-1999-cu illərdə və 2009-2021-ci illərdə ümumilikdə 15 ildən çox baş nazir olub ki, bu da ölkə tarixində ən uzun müddətdir.
Turan ASLAN