"Rusiyanın son nüvə raketdaşıyıcılarının dünyada analoqu yoxdur" - Putin
"Rusiya Federasiyasının son nüvə raketdaşıyıcılarının dünyada analoqu yoxdur".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrində yeni gəmilərin istismara verilməsi mərasimində deyib.
“Müxtəlif layihəli gəmilərin tikintisinin sürətini və həcmini artıracağıq, onları ən müasir silahlarla təchiz edəcəyik, toplanmış təcrübəni, o cümlədən "xüsusi hərbi əməliyyat" zamanı əldə edilmiş təcrübəni nəzərə alaraq matrosların əməliyyat və döyüş hazırlığını keçirəcəyik”, - o, bildirib.
O vurğulayıb ki, ölkə hakimiyyəti "Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə təmin etmək", okeanlarda onun milli maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcək.
Putin qeyd edib ki, bu gün Hərbi Dəniz Qüvvələrinə qəbul edilən “Borey-A” ailəsindən olan “Generalissimo Suvorov” nüvə sualtı kreyseri “Bulava” ballistik raketləri ilə təchiz edilib ki, bu da Rusiya nüvə hərbi dəniz qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artırır.
“Qrad” kiçik raket gəmisində Rusiya Federasiyasının hərbi dəniz bayrağı da qaldırılıb. Dövlət başçısının sözlərinə görə, bu sinifdən olan gəmilər Suriyada döyüş tapşırıqlarının həllində yüksək effektivlik nümayiş etdirib, “xüsusi hərbi əməliyyat zamanı özünü yaxşı tərəfdən göstərib”. Yeni nəslin tərkibində bu gün də Hərbi Dəniz Qüvvələrinə qoşulan Anatoli Şlemov kimi dəniz minaaxtaran gəmiləri də var.
"Bu layihə yerüstü gəmiqayırma sahəsində Rusiyanın ən uğurlu işlərindən biri hesab olunur. Gələcəkdə bu sinifdən daha on gəminin inşası planlaşdırılır", - Putin vurğulayıb.
Turan İSMAYIL












