KTMT-nin yeni türk baş katibi kimdir - DOSYE

 13:15 01.01.2023     438

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi İmanqali Tasmaqambetov yanvarın 1-dən vəzifəsinin icrasına başlayıb.

Modern.az xəbər verir ki, Qazaxıstan təmsilçisi bu postda belaruslu həmkarı Stanislav Zası əvəz edib.

İmanqali Tasmaqambetovun KTMT-nin baş katibi təyin edilməsi ilə bağlı qərar 2022-ci il noyabrın 23-də Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən iclasında qəbul edilib.

KTMT-nin baş katibi üç il müddətinə təyin edilir.

İmanqali Tasmaqambetov 1956-cı il dekabrın 9-da Qazaxıstanda anadan olub. Bu illər ərzində o, Qazaxıstanın dövlət katibi, baş nazir, müdafiə naziri, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb. 2017-2019-cu illərdə Qazaxıstanın Rusiyadakı səfiri idi. Fəlsəfə elmləri namizədi, siyasi elmlər doktorudur.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan daxildir.