Ərdoğan Türkiyənin 2023-cü ildəki ən mühüm vəzifəsini AÇIQLADI
Türkiyənin yeni konstitusiyasının qəbulu və onun dünyanın ilk on inkişaf etmiş ölkəsi sırasına daxil olması Ankaranın qarşıdakı ildə prioritetləridir.
Redaktor.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bazar ertəsi hökumətyönlü “Yeni Şafak” qəzetində dərc olunan məqaləsində respublikanın elan edilməsinin 100-cü ildönümünü qeyd edəcəyi 2023-cü ildə ölkənin qarşısında duran vəzifələrdən yazıb.
""Türkiyə Əsri" proqramının ilk hədəflərindən biri də ölkəmiz üçün xalqın iradəsini tam əks etdirəcək yeni konstitusiyanın qəbul edilməsidir. Biz də ölkəmizi siyasət, iqtisadiyyat, texnologiya, müdafiə və diplomatiyada dünyanın ən inkişaf etmiş ölkələrinin ilk onluğuna çıxaracağıq”, - Ərdoğan yazıb.
Onun fikrincə, Türkiyə fəal xarici siyasət sayəsində “regional və qlobal sülh və sabitliyin təmin edilməsində mərkəzi aktora” çevrilib. "İndi Türkiyə sabitləşdirici qüvvə kimi daha ədalətli dünya ideallarının bayrağını daşıyır. Biz humanitar yardımın göstərilməsi və dinc diplomatiya sahəsində planetə nümunəyik", - Türkiyə lideri bildirib.
Qeyd edək ki, Ərdoğan dəfələrlə administrasiyasının əsas prioritetlərindən biri kimi 1980-ci il hərbi çevrilişindən sonra 1982-ci ildə təsdiq edilmiş hazırkı konstitusiyanın yerinə yeni konstitusiyanın qəbulunu göstərib. Yerli media hesab edir ki, yeni əsas qanun Türkiyədə iyuna təyin edilmiş prezident seçkilərindən sonra qəbul olunacaq.
Turan İSMAYIL