"Bunu onların başlarına vurmaq lazımdır" - Akardan Yunanıstana XƏBƏRDARLIQ

 12:55 02.01.2023     426

Türkiyənin milli müdafiə naziri Hulusi Akar yenidən NATO müttəfiqi Yunanıstanı gərginliyi artırmaqda və Ankaranın Şimali Atlantika Alyansı çərçivəsində iki ölkə arasında mövcud problemləri həll etmək istəklərini sabotaj etməkdə ittiham edib.

Redaktor.az TRT-yə istinadla məlumatına görə, nazir bu barədə bazar ertəsi Türkiyə ordusunun komandanlığı ilə görüşündə deyib.

"Hər görüşdə həmsöhbətlərimizə (NATO üzrə - red.) Türkiyənin mövcud problemlərin dialoq yolu ilə, dinc əsasda, mehriban qonşuluq və beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu bildiririk" - deyən Akar iki ölkə arasında daha əvvəl NATO platformasında etimad tədbirlərinə dair danışıqlar aparıldığını xatırladaraq bildirib:

"Lakin Yunanıstan belə görüşlər keçirmir və onların ümumiyyətlə baş tutmaması üçün səy göstərir. Onları sabote edir. Bəzi yunan siyasətçiləri və hərbçiləri daim və məqsədli şəkildə gərginliyi artırır, bununla da öz daxili problemlərini gizlətməyə, ört-basdır etməyə çalışırlar. Hər səhər onlar gərginliyi artırmaq üçün səbəb axtarırlar”, - deyə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yunanıstanın son vaxtlar bir sıra daxili siyasi qalmaqallarla üzləşdiyini xatırladıb.

Akarın sözlərinə görə, Türkiyə heç kimi təhdid etmir. "Bu, etibarlı, güclü və təsirli müttəfiqdir. Türkiyə heç kimə təhlükə yaratmır, bunu daima (yunan siyasətçilərinin - red.) başlarına vurmaq lazımdır ki, onlar nəhayət bunu başa düşsünlər", - deyə Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, Türkiyə hakimiyyəti dəfələrlə Yunanıstanı Egey hövzəsində, o cümlədən silahsızlaşdırılmış statusa malik adalarla bağlı beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib. Türkiyə ilə Yunanıstan arasında münasibətlərdə növbəti gərginlik ötən il sentyabrın sonunda Yunanıstanın Midilli (Lesbos) və Sisam (Samos) adalarına zirehli texnikanın ötürülməsi ilə bağlı xəbərlərin yayıldığı vaxt yaranıb. Bununla bağlı Ankara bəyan edib ki, Afina beynəlxalq müqavilələri, xüsusilə Lozanna (1923) və Paris (1947) müqavilələrini pozaraq orada hərbi texnika yerləşdirir.

Türkiyə və Yunanıstan mübahisəli adaların statusu, ərazi sularının sərhədləri və Egey dənizindəki hava məkanına görə dəfələrlə hərbi münaqişənin astanasında olublar.

Yunanıstanın ərazi suları orada 6 dəniz milinə qədər uzanır, lakin Afina bunu beynəlxalq səviyyədə tanınmış standart olan 12 dəniz milinə qədər uzatmaq hüququna malik olduğunu deyir. Öz növbəsində Ankara Afinaya xəbərdarlıq edib ki, Yunanıstanın öz ərazi sularını belə genişləndirməsi müharibə elan etmək üçün bəhanə olacaq. Türkiyə Yunanıstan hava sahəsinin, ərazi suları kimi, 6 dəniz mili ilə məhdudlaşdığını nəzərə alaraq, Egey dənizindəki adalar ətrafındakı 10 millik Yunan hava zonasını tanımır. Nəticədə türk qırıcıları mütəmadi olaraq qonşu ölkənin hava sərhədlərini pozur və Yunanıstan onların qarşısını almaq üçün öz təyyarələrini havaya qaldırır.

Turan İSMAYIL