“Air Astana”nın təyyarəsi burulğana düşdü - Xəsarət alanlar var
Qazaxıstanın “Air Astana” aviaşirkətinin Daşkənddən Alma-Ataya uçan təyyarəsi güclü turbultentlik (burulğan) zonasına düşüb, 7 sərnişin xəsarət alıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
"Bu gün aviaşirkət Daşkənd-Almatı marşrutu üzrə KC 128 reysini həyata keçirib. Uçuş zamanı təyyarə qəflətən güclü turbulentlik zonasına düşüb. İlkin məlumata görə, 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.
Təyyarə saat 16:45-də Alma-Ataya enib. "Uçuşun ekipajı sərnişinlərə ilkin tibbi yardım göstərib. Pilotlar hadisə barədə hava limanının xidmətlərinə məlumat veriblər. Təcili yardım maşınları hava limanında sərnişinləri gözləyir", - şirkətdən bildirilib.
"Hadisə faktına görə səlahiyyətli orqanlar tərəfindən araşdırma aparılacaq", - mətbuat xidməti yekunlaşdırıb.
Turan İSMAYIL