Daha bir ölkə Rusiya və Belarusa qarşı sansksiyaları genişləndirdi

 09:29 05.01.2023     363

Tayvan Rusiya və Belarusa ixracı qadağan edilən malların siyahısını genişləndirib.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu Tayvanın İqtisadiyyat Nazirliyi (MOEA) açıqlayıb.

Məlumata görə, risin, konotoksinlər, botulinum toksini, azot triflorid, ammonium nitrat, tributilfosfat və nitrat turşusu, həmçinin 304 və 316 nömrəli paslanmayan polad kimi kimyəvi maddələrin Rusiya və Belarusa ixracı qadağandır.

Eyni zamanda, sanksiyalar mühəndislik məhsullarını, o cümlədən rəqəmlə idarə olunan dəzgahları, emal mərkəzlərini, daşlama maşınlarını, elektrik boşalma maşınlarını və nəzarətçiləri əhatə edir.

Bundan əlavə, məhdudiyyətlər dəyənək, qandal, ayaq zəncirləri kimi xüsusi avadanlıqlara təsir göstərəcək.

Tayvanın İqtisadiyyat Nazirliyi ixracatçıları qaydalara əməl etməyə və indi qadağan olunmuş malları Rusiya və Belarusa satmamağa çağırıb.

Qeyd edək ki, Tayvan 2022-ci ilin aprel və may aylarında da Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq edib. Daha sonra qadağa əsasən kompüter və informasiya-kommunikasiya məhsulları, sensorlar, lazerlər və aerokosmik məhsulların ixracına aid olub.

Həmidə İbrahimova