Belarusda Ukrayna müdafiəçiləri üçün dua edən keşiş həbs edildi
Belarusda təhlükəsizlik qüvvələri Minskdəki kilsələrdən birinin keşişini Ukraynanın müdafiəçiləri üçün dua etdiyinə görə saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Belarusun “Zerkalo” nəşri məlumat yayıb.
Məlum olub ki, yanvarın 1-də Pravoslav Kilsəsini ruhanisi Dionis Korostelevdən Ukraynanın əsgərləri və müdafiəçiləri üçün dua etməsi xahiş olunub və o da bunu həyata keçirib.
Din xadiminin bu cür hərəkətləri Belarus təhlükəsizlik qüvvələri tərəfindən düşmənin aqressiv ritorikasının təbliği və nifrətin qızışdırılması cəhdləri kimi qiymətləndirilib.
Bundan əlavə, Korostelev millətçi döymələri və boş vaxtlarında qəribə ləqəblə onlayn kompüter oyunları oynamaqda ittiham olunub. Ona etiraz aksiyalarında iştirakı və müxalifət simvollarının paylanması da xatırladılıb.
Qeyd edək ki, ruslar Ukraynanı işğal edəndən sonra müxalif düşüncəli belaruslar ukraynalılara kömək etməyə başlayıblar.
Belarusun özündə "dəmiryol partizanları" fəaliyyət göstərdiyi halda, Ukrayna cəbhəsində ruslara qarşı Belarus vətəndaşlarından ibarət könüllülər korpusu döyüşür.
Tunar Altunbay