Ərdoğan bir daha bəyan etdi: "Vasitəçilik etməyə hazırıq"

 19:31 05.01.2023     341

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Ukrayna böhranının həllində vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Türkiyə liderinin administrasiyası ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığından sonra bildirib.

“Söhbət zamanı prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında sabit sülhün təmin edilməsi üçün moderator və vasitəçi missiyasını üzərinə götürməyə hazır olduğunu bəyan edib”, - mesajda deyilir.

Türkiyə prezidentinin administrasiyasının məlumatına görə, Ərdoğan qeyd edib ki, Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi üzrə iş davam edir. O, həmçinin “Zaporojye AES-lə bağlı prosesin sürətləndirilməsində diplomatik dəstək” təklif edib”, - deyə məlumatda bildirilir.

Həmçinin bildirilib ki, tərəflər Türkiyənin Ukraynaya humanitar yardım göstərməsi, enerji sahəsində dəstəyi və taxıl sazişinin icrası ətrafında son hadisələri müzakirə ediblər.

Qeyd edək ki, bu gün Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı olub.

Xatırladaq ki, Ukraynadakı münaqişənin həllində vasitəçilik təşəbbüsü ilə Ərdoğan daha əvvəl də çıxış edib.

Turan İSMAYIL