"Yaxın aylarda Ukraynada münaqişə kəskinləşə bilər" - Ərdoğanın sözçüsü

 15:05 06.01.2023     451

Yaxın aylarda Ukraynada münaqişə kəskinləşə bilər, bununla əlaqədar Ankara danışıqlar prosesini bərpa etmək üçün səylərini davam etdirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə yanvarın 6-da Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

"Atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl tədarükündən nüvə təhlükəsizliyinə qədər Türkiyə danışıqlara yol açmaq üçün intensiv səylərini davam etdirəcək", - Kalın Tviter hesabında yazıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi Ukrayna böhranının əvvəllər düşünüldüyündən daha dərin və uzunmüddətli olacağı fikrini bildirib.

Qeyd edək ki, bundan əvvəl yanvarın 5-də Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Ərdoğanla telefon danışığında Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edib. Rusiya lideri Kiyevin Moskvanın artıq səsləndirdiyi tələbləri yerinə yetirməsi və yeni ərazi reallıqlarını nəzərə almaq şərti ilə Rusiya Federasiyasının Ukrayna üzrə dialoqa açıq olduğunu təsdiqləyib.

Həmin gün Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukrayna böhranının həllini müzakirə edib. Liderlər taxıl dəhlizi ətrafında baş verənlərə, Türkiyənin Ukraynaya humanitar və enerji sahəsində göstərdiyi dəstəyə də toxunublar.

Yanvarın 4-də diplomatik mənbə bildirib ki, Türkiyə prezidenti Putin və Zelenski ilə planlaşdırılmış telefon danışıqları zamanı Ankaranın danışıqlar prosesində yenidən vasitəçilik təklif etmək niyyətində olduğunu çatdırıb.

Onu da əlavə edək ki, Rusiyanın “Kommersant” qəzeti Ukrayna böhranı ilə əlaqədar dünya birliyində parçalanmadan sonra Türkiyənin mövqeyinin özünəməxsusluğuna işarə edib. Nəşr qeyd edir ki, Türkiyə prezidentini 2022-ci ilin ən uğurlu siyasətçisi adlandırmaq olar. Münaqişənin tezliklə həllinə sadiqliyi ilə bağlı bəyanatlara baxmayaraq, Ankara bu vəziyyətdən xeyli faydalanır: Rusiya tərəfi ilə ticarətin artırılması, taxıl sazişinin həyata keçirilməsində vasitəçilik, qaz qovşağının açılması da ölkəyə sərfəli olub.

2022-ci il dekabrın 31-də Türkiyə prezidenti iqtisadi və siyasi sahədə yeni dünya liderlərindən birinə çevrilməyi ölkə üçün prioritet hədəf kimi göstərib.

Turan İSMAYIL