Putinin elan etdiyi atəşkəs pozuldu - Ukraynanın Su-25 təyyarəsi vuruldu
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna hava hücumundan müdafiə sisteminin buraxılış qurğusu və radarının tanınmamış "Donetsk Xalq Respublikasında" (DXR) məhv edildiyini açıqlayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Donetskdə Ukraynaya məxsus D-20 haubitsasını, Zaporojye vilayətində isə ABŞ istehsalı olan M-777 artilleriya sistemini sıradan çıxarıb.
Bundan başqa, Rusiya Aerokosmik Qüvvələrinin döyüş təyyarəsi Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub.
Rusiya MN-dən bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində səkkiz artilleriya atəşi açıb və RF Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin mövqelərini cavab atəşi ilə susdurub.
Rusiya ordusu gün ərzində 40-dan çox ukraynalı hərbçini, Kupyansk istiqamətində bir tankı məhv edib.
Həmçinin bildirilir ki, Rusiya hərbçiləri Donetsk istiqamətində 80-ə qədər ukraynalı əsgəri öldürüb.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Ukraynada tərəflər arasında yanvarın 6-sı Moskva vaxtı ilə saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.
Lakin Rusiya MN-in son açıqlamasından görünür ki, tərəflər müvəqqəti atəşkəsə əməl etməyiblər.
Turan İSMAYIL