"Öldürdükləriniz şahmat fiqurları deyildi" - Talibandan şahzadəyə sərt reaksiya
Taliban rəsmiləri Əfqanıstanda hərbi xidməti zamanı 25 nəfəri qətlə yetirdiyini və bundan utanmadığını kitabında yazan Susseks hersoqu şahzadə Harriyə reaksiya verib.
Redaktor.az “TRT HABER”ə istinadla xəbər verir ki, Taliban rejiminin sözçüsü Abdulkahar Belhi şahzadə Harrinin kitabındakı ifadələrlə bağlı bunları deyib:
"Şahzadə Harrinin bu şərhləri günahsız insanları heç bir hesaba almadan qətlə yetirən işğalçı qüvvələrin əfqan xalqının aldığı travmanın kiçik bir nümunəsidir".
Talibanın sözçülərindən biri olan Bilal Kərimi isə “Tvitter” hesabından verdiyi açıqlamada əfqanların "işğal cinayətlərini" unutmayacağını qeyd edərək, "Belə cinayətlər təkcə bir ölkə ilə məhdudlaşmır. Əfqanıstana hücum edən hər ölkənin belə hekayələri var” deyə bildirib.
Talibanın Haqqani qrupunun liderlərindən olan Enes Hakkani də “Tvitter” hesabından mövzu ilə bağlı açıqlama verib.
"Siz bu müharibədə məğlub oldunuz. Öldürdüyünüz insanlar şahmat fiqurları deyildi. Onlar insan idi",-deyə o vurğulayıb.
Xatırladaq ki, Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Harri yanvarın 10-da nəşr olunacaq “Spare” kitabında Əfqanıstanda hərbi xidmətdə olarkən 25 əfqanı öldürdüyünü və “utanmadığını” qeyd edib.
Həmidə İbrahimova