"Türkiyənin milli maraqlarında Azərbaycan birinci sırada dayanır" - Politoloq
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin 5 ay sonra keçiriləcəyini açıqlayıb.
Türkiyənin altı əsas müxalifət partiyasının liderləri ölkədə keçiriləcək seçkilərlə bağlı məsləhətləşmələr aparır.
Verilən məlumata görə, müxalifət fevralda Türkiyədə keçiriləcək prezident seçkilərində vahid namizədini açıqlayacaq.
Maraqlıdır, Türkiyədə müxalifət hakimiyyətə gələ bilərmi? Hakimiyyətə müxalifət partiya namizədinin gəlməsi Azərbaycan və Türkiyə arasındakı münasibətlərə necə təsir edəcək?
Politoloq Əziz Əlibəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, qardaş ölkədə müxalifətin qalib gəlməsini birmənalı şəkildə demək mümkün deyil.
“Çünki partiyaların sıralamasına baxdıqda, “Metropol” şirkətinin dekabr ayı üzrə keçirdiyi sorğunun nəticələri var. Məsələn, 36-37% AKP, 24 %-dən yuxarı CHP, 13 %-dən artıq İYİ partiyadır, HDP ilə bağlı baraj, yəni 10% səs imkanlarını keçməsi proqnoz edilir. Amma MHP-nin barajın altında, təxminən, 8%-ə yaxın qala bilmə ehtimalı var. Bu mənada partiyaların birlikdə imkanları AKP-ni üstələyə bilər. Hardasa seçim anketlərində ən vacib nöqtələrdən biri indi müxalifətin vahid namizədinin kim olmasına bağlıdır. Hələ burada uzun bir oyun gedir və Ərdoğan nöqteyi nəzərindən hardasa rəqib kimi Kılıçdaroğlunun qarşısına çıxması daha avantajlıdır ki, onu məğlub etmə ehtimalları çoxdur. Çünki Türkiyədə partiyalar ideoloji baxımdan sağ, sol və mərkəzçi olaraq bölünüb. Sağ, sol və liberallar arasında ciddi ideoloji fərq seçkilərin nəticəsinə ciddi təsir göstərə biləcək”, - deyə ekspert vurğuladı.
Onun sözlərinə görə, CHP lideri Kamal Kılıçdaroğlunu avantajlı namizəd hesab etmək mümkün deyil.
“Kılıçdaroğlunun namizədliyinin İYİ partiya tərəfindən dəstəklənməsi bir az real deyil. Bu baxımdan iqtidarın Əkrəm İmamoğlu addımı bir növ müxalifət arasında əsas namizəd stafkasını qoydu. Burada alternativ yaratdı ki CHP-nin namizədlərini parçalaya bilsin. Bütün bu imkanlar da var. Ona görə də, indiki şəraitdə seçkilərdə müxalifətin birliyinin qalib gəlmə ehtimalı bir az real görünmür. Vahid namizədlərini müəyyənləşdirmək istiqamətində ciddi problemləri var”, - deyə o əlavə etdi.
Azərbaycanla münasibətlərə gəldikdə isə politoloq bildirdi ki, Azərbaycan-Türkiyə münasibətlərinin iqtidara bağlı olduğunu iddia etmək həm olar, həm də olmaz:
“Düzdür, milli maraqları həmişə Türkiyə-Azərbaycan birliyini zəruri edir. Amma gedişat və keçmiş tarix göstərib ki, bu dövlətin nöqteyi-nəzərindən o qədər də uğurlu olmayıb. Amma şəxslər üzərindən bu uğurlu alınıb. Məsələn, İlham Əliyev və Ərdoğan dostluğu, qardaşlığı kifayət qədər yüksək münasibətlərin ortaya çıxmasına səbəb olubdur. Belə qiymətləndirmək daha uğurlu olar. Amma Türkiyə-Azərbaycan münasibətlərində Türkiyə oyunçudur. Qardaş ölkənin milli maraqlarında Azərbaycan birinci sırada dayanır və bu həqiqəti heç nə dəyişə bilməz”.
Nərmin VÜQARQIZI