Azərbaycan Pakistana 7 milyon dollar ayırdı
Azərbaycan Pakistandakı daşqın fəsadlarının aradan qaldırılmasına 7 milyon dollar ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfransda bildirilib.
Çıxışda ölkəmiz tərəfindən dost və qardaş Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyi qeyd olunub.
Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb.
Nazir müavini, fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə ölkəmiz tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımının göstəriləcəyi barədə Pakistan tərəfini və konfrans iştirakçılarını məlumatlandırıb.
2022-ci ildə baş vermiş təbii fəlakət ölkə ərazisinin üçdə birini su altında qoyaraq, 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olub, beləliklə Pakistan tarixində ən dəhşətli təbii fəlakətə çevrilib.