"Qara dəniz hövzəsində gərginliyin qarşısını aldıq” - Ərdoğan
Türkiyə Qara dəniz boğazlarında naviqasiyanı tənzimləyən Montrö Konvensiyasına ciddi əməl etdiyi üçün Rusiya Federasiyasının Ukrayna ərazisində müharibəyə başladıqdan sonra Qara dəniz hövzəsində problemlərin qarşısını almaq mümkün olub.
Redaktor.az xəbər verir ki, bunu yanvarın 9-da respublika prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı deyib.
“Türkiyə Montrö Konvensiyasına ciddi şəkildə əməl edir. Beləliklə, biz Qara dəniz hövzəsində gərginliyin qarşısını aldıq”, - Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl, noyabrın 29-da hərbi ekspert Yuri Knutov “İzvestiya”ya müsahibəsində NATO-nun Qara və Baltik dənizlərində mövcudluğunu gücləndirmək imkanlarını qiymətləndirib. Onun sözlərinə görə, Türkiyə Montrö Konvensiyasına sadiq qalarsa, ABŞ Hərbi Dəniz Qüvvələrinin Qara dənizdəki mövcudluğunu artırmaq son dərəcə çətin olacaq.
2022-ci ilin iyulunda Böyük Britaniya hakimiyyəti Ukrayna taxılının ixracını təmin etmək üçün boğazların statusu haqqında Montrö Konvensiyasını pozmaq niyyətində olmadığını qeyd etdi.
Bundan əvvəl, bu ilin may ayında Türkiyə hərbi gəmilərin Qara dənizdən çıxarılmasına dair Montrö Konvensiyasının müddəaları ilə əlaqədar NATO-nun bir sıra hərbi təlimlərini ləğv edib.
Xatırladaq ki, Bosfor və Çanaqqala boğazlarının statusu haqqında Montrö Konvensiyası 1936-cı ildə imzalanıb. Konvensiyaya əsasən, bütün ölkələrin ticarət gəmiləri həm sülh, həm də müharibə dövründə boğazlardan sərbəst keçmək hüququna malikdir. Bununla belə, konvensiya Qara dəniz və qeyri-Qara dəniz dövlətlərinin donanmaları üçün hərbi gəmilərin keçidi üçün fərqli rejim müəyyən edir. Qara dəniz ölkələri üçün sülh dövründə bütün növ hərbi gəmilərin keçməsinə icazə verilir. Qeyri-Qara dəniz güclərinin yalnız kiçik suüstü gəmilərlə daxil olmasına icazə verilir.
Turan İSMAYIL