İranda iki İsrail kəşfiyyat qrupu həbs edildi
İranın xüsusi xidmət orqanları ötən il dekabrın sonunda müəyyən edilmiş dörd əməliyyat qrupundan əlavə, İsrailin xarici kəşfiyyatı "Mossad"ın daha iki əməliyyat qrupunun üzvlərini saxlayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı İslam Respublikasının Kəşfiyyat Nazirliyi məlumat yayıb.
“Gün ayının 1-də (2022-ci il dekabrın 22-nə uyğundur – red.) nazirlik "Mossad" casus təşkilatının dörd əməliyyat qrupunun müəyyən edildiyini elan edib” - deyə ISNA agentliyi İran kəşfiyyatının bəyanatından sitat gətirir: “Son gün ərzində aşkar edilmiş əməliyyat qruplarının sayı 6-ya yüksəlib”.
Ümumilikdə, nazirliyin məlumatına görə, İslam Respublikasında olan 13 nəfər saxlanılıb. Əməliyyat qruplarının komandanlığı Avropa ölkələrindən birinin ərazisindən İnstaqram sosial şəbəkəsi və votsap (WhatsApp) messencerinin köməyi ilə həyata keçirilib.
Məlumata görə, operativ qruplar “ölkənin bəzi bölgələrində baş vermiş son iğtişaşlardan istifadə edərək hərbi idarənin rəsmilərindən birinin həyatına qəsd etmək, iri şəhərlərdə silsilə təxribat törətmək və iri partlayıcı qurğuları İslam Respublikasının cənub sərhədlərindən keçirmək olub.
Qeyd edək ki, dekabrın 22-də İranın təhlükəsizlik qüvvələri İsrail kəşfiyyat xidməti "Mossad"ın dörd əməliyyat qrupunu müəyyən edib. Bu əməliyyat qruplarının bütün üzvləri həbs edilib.
Noyabrın 16-da FARS agentliyi xəbər verib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) üzvləri ölkənin cənub-şərqindəki Kirman şəhərində İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Oktyabrın 24-də agentlik İranın Qərbi Azərbaycan əyalətində (respublikanın şimal-qərbində) 10 nəfərin İsraillə əməkdaşlıq ittihamı ilə saxlanıldığını bildirib.
Turan İSMAYIL