Ermənistanda KTMT təlimləri keçirilməyə bilər - Qurumdan Paşinyana CAVAB
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Ermənistanda keçirilən “Sarsılmaz Qardaşlıq - 2023” təlimlərinin ləğvi ilə bağlı İrəvandan rəsmi bildiriş almayıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.
“Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsi tərəfindən qəbul edilmiş 2023-cü il üçün KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komandanlıq və nəzarət orqanlarının və birləşmələrinin birgə təlimi planı KTMT Sülhməramlı Qüvvələri ilə təlimin keçirilməsini nəzərdə tutur. Ermənistan Respublikası ərazisində “Sarsılmaz Qardaşlıq - 2023” təliminin bu il ərzində Ermənistan torpaqlarında keçirilməsi zərurəti əvvəllər İrəvanda da təsdiqlənib. Hazırda KTMT Katibliyi Ermənistan tərəfdən təlimlərin ləğvi barədə rəsmi bildiriş almayıb.
Biz Ermənistan Respublikasında mövcud vəziyyətə anlayışla yanaşırıq və bu, bu il KTMT-nin nəzərdə tutulan sülhməramlı təlimlərinin tam keçirilməsinə imkan verməyə bilər”, - deyə KTMT əlavə edib.
Zaynetdinov vurğulayıb ki, KTMT Katibliyi və Birləşmiş Qərargahı təşkilatın nizamnamə orqanları tərəfindən təsdiq edilmiş qoşunların (kollektiv qüvvələrin) döyüş hazırlığı planları KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsi maraqları naminə onların hazırlığının artırılması məqsədilə tam həcmdə həyata keçirilmək üçün səylərini əsirgəmir.
Qeyd edək ki, bundan əvvəl baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistanın 2023-cü ildə KTMT təlimləri keçirmək fikrində olmadığını bildirib. Təşkilatın Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç isə bildirib ki, 2023-cü ildə təşkilatın sülhməramlı qüvvələri ilə birgə təlimin Ermənistanda deyil, digər iştirakçı dövlətlərin ərazisində keçirilməsi imkanları ilə bağlı təkliflər hazırlanır.
Turan İSMAYIL