Sentyabr döyüşlərində Ermənistanın itkiləri açıqlandı - RƏSMİ
Ötən ilin sentyabrında Azərbaycan-Ermənistan dövlət sərhədindəki hadisələr zamanı qarşı tərəfin itkiləri barədə rəsmi məlumat açıqlanıb.
Redaktor.az "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan jurnalistlərə açıqlama verib.
O bildirib ki, sentyabr döyüşlərində Ermənistan tərəfi 224 hərbçisini itirib, daha 3 nəfər isə itkin düşüb.
Nazir müavininin sözlərinə görə, itkin düşənlərin axtarışları istiqamətində işlər davam edir: "Bunun üçün hər şeyi edirik".
Qeyd edək ki, ötən ilin sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.