Estoniya XİN Rusiya səfirliyinin heyətinin azaldılması barədə qərar qəbul etdi
Rusiya səfiri Estoniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Estoniya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Estoniya XİN Rusiya Federasiyasının səfirini 2023-cü il fevralın 1-dək səfirlikdə çalışan işçilərinin sayının ixtisarı barədə qərarla bağlı məlumatlandırıb.
Bu qərara əsasən, Rusiya səfirliyinin diplomat əməkdaşlarının sayı 8-ə, inzibati, texniki və xidmət personalının sayı 15-ə endirilməlidir. Bununla da paytaxtlarda fəaliyyət göstərən Rusiya və Estoniya nümayəndəlikləri bərabərləşdiriləcək.
“Estoniya Rusiya ilə münasibətlərimizdə paritet prinsipini çox vacib hesab edir. Təcavüz müharibəsi dövründə Rusiya səfirliyinin əməkdaşlarının Estoniya-Rusiya münasibətlərinin inkişafı ilə məşğul olmadığına görə, fikrimizcə, Rusiya səfirliyinin indiki heyətlə işləməsi üçün heç bir əsas yoxdur.
Müharibə başlayandan Estoniya Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərini mütləq şəkildə minimuma endirib. Yazda biz Rusiyanın Narva və Tartudakı konsulluqlarını bağladıq və Estoniyanın təhlükəsizliyini fəal şəkildə pozan və Rusiyanın hərbi əməliyyatlarına haqq qazandıran, təbliğat aparan Rusiya səfirliyinin diplomatik heyətinin üç əməkdaşını ölkədən çıxardıq. İndi biz paritetə nail olmaq üçün Estoniyada işləyən rus diplomatlarının sayına məhdudiyyət qoyuruq. Bugünkü addım bütövlükdə münasibətlərimizin aşağı səviyyədə olması ilə bağlıdır”, - Estoniya XİN rəhbəri Urmas Reinsalu bildirib.
Xarici İşlər Nazirliyinin diplomatik notasına əsasən, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 11-ci maddəsinə istinadla, nümayəndəliklərin sayında paritet 2023-cü il fevralın 1-dək əldə edilməlidir.