Ukrayna hakimiyyəti Gürcüstandakı səfirlə bağlı qərar verdi
Ukrayna hakimiyyəti Vladimir Lukyanovu Gürcüstana səfir təyin etmək niyyətindədir.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Gürcüstanın “Formula” nəşrinin məlumatına görə, təyinatla bağlı demək olar ki, bütün prosedurlar razılaşdırılıb. Lukyanov fevralın əvvəlində Tbilisidə işə başlayacaq.
Hazırda Lukyanov Xarici İşlər Nazirliyində işləyir. Gürcüstandakı iş onun ilk diplomatik missiyası olacaq.
Qeyd edək ki, 2022-ci il martın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməkdən imtina edən və könüllülərə icazə verməyən Gürcüstan hakimiyyətinin “əxlaqsız mövqeyinə” cavab olaraq səfir İqor Dolqovu Gürcüstandan geri çağırıb.
Zelenskinin bu qərarı Gürcüstanda qeyri-dost addım kimi qəbul edilib. Həmçinin Gürcüstan hakimiyyəti Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovu daim tənqid edir.
Həmçinin Ukrayna ilə Gürcüstan arasında münasibətlər pis vəziyyətdə həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin ucbatından gərginləşib. Onun Ukrayna vətəndaşlığı var, ona görə də Ukrayna Saakaşvilini müalicə üçün Kiyevə göndərmək xahişi ilə Gürcüstan hakimiyyətinə müraciət edib.
Turan İSMAYIL