"Görmürsünüz ki, Türkiyə sülh üçün çalışan yeganə ölkədir?"
Türkiyədən Ukraynaya ABŞ istehsalı olan kassetli sursatların tədarükü ilə bağlı xəbərlər Ankaranın sülh səylərinə zərbə vurmaq məqsədi daşıyan dezinformasiyadır.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu yanvarın 11-də Türkiyə Prezident Administrasiyasındakı mənbə jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.
“Siz bizdən dezinformasiyaya münasibət bildirməyimizi xahiş edirsiniz. Görmürsünüz ki, Türkiyə sülh üçün çalışan yeganə ölkədir?", - deyə mənbə bildirib.
Həmçinin qeyd edilir ki, prezident Rəcəb Tayyib Ərdoğan həm Rusiya lideri Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski ilə danışa bilən yeganə dövlət başçısıdır. Ankara da əmindir ki, hər iki prezident türkiyəli həmkarına güvənir.
Qeyd edək ki, yanvarın 10-da "Foreign Policy" Amerika və Avropa rəsmilərinə istinadən xəbər verib ki, Türkiyə 2022-ci ilin noyabr ayından Ukraynaya Amerika tipli kaset sursatları tədarük edir. Nəşr qabaqcıl ikili təyinatlı adi sursatlardan (Dual-purpose təkmilləşdirilmiş şərti sursatlar, DPICM) bəhs edib. Qeyd olunub ki, ABŞ-ın özündə qüsurlu məhsulların yüksək səviyyədə olması səbəbindən ABŞ qanunlarına əsasən bu kassetli sursatların ixracı qadağandır.
Bu gün Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin Ukraynaya Amerika istehsalı kasset bombaları göndərməsi ilə bağlı xəbərləri şərh edib. O, indi bu mövzuda həqiqəti əks etdirən məlumatdan daha çox saxtakarlığın olduğunu qeyd edərək bildirib ki, mesajların etibarlılığından danışmaq çətindir.
2008-ci ildən kasetli sursatların istifadəsini, ötürülməsini, istehsalını və saxlanmasını qadağan edən Beynəlxalq Kasset Sursatları Konvensiyası qüvvədədir. Onu 113 ölkə imzalayıb və daha 84 ölkə ratifikasiya edib.
Turan İSMAYIL