Ohanyan Paşinyanın qərarını pislədi: "Düşmənlə razılaşmadan xəbər verir"
"Ermənistan üçün KTMT təlimlərinə alternativ yoxdur".
Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə bildirib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.
"Biz KTMT-dən çıxdıq? Təbii ki, yox. Bütün bu tədbirlər silahlı qüvvələrimizin döyüş hazırlığını artırmaq üçün istifadə edilməli idi", - Ohanyan bildirib.
Bununla yanaşı, fraksiya rəhbəri hesab edir ki, "ölkə hakimiyyətinin qərarı Ermənistan ordusunun döyüş hazırlığını artırmamaq üçün düşmənlə razılaşmadan xəbər verir". Keçmiş nazirin sözlərinə görə, KTMT-nin təlimləri Ermənistan Silahlı Qüvvələrinin xeyrinə olardı, çünki onların məqsədi hərbçilərin bacarıqlarını artırmaq, beynəlxalq təcrübə mübadiləsi aparmaqdır.
"Təlimlərin keçirilməsindən imtina səhra hazırlığının, döyüşə hazırlığın, müdafiənin təkmilləşdirildiyi ali təhsil formasından imtinaya bərabərdir", - deputat bildirib.
Xatırladaq ki, yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bildirmişdi. Yanvarın 10-da keçirdiyi mətbuat konfransında bu məlumatı şərh edən Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir və əlavə edib ki, Ermənistan Müdafiə Nazirliyi bu barədə KTMT-nin Birgə Qərargahını məlumatlandırıb.
Qeyd edək ki, bu gün Birgə Qərargah Ermənistan Müdafiə Nazirliyindən 2023-cü ildə Ermənistan ərazisində KTMT sülhməramlı qüvvələri ilə təlim keçirməyin məqsədəuyğun olmaması barədə məlumatı təsdiqləyib.
Turan İSMAYIL