Antalyada dəhşət - küçələr çaya çevrildi

 09:54 12.01.2023     319

Çərşənbə günü axşam saatlarında bəzi yerlərdə sürəti 70 km/saata çatan tufan küləyi Antalya vilayətinə də çatıb.

Redaktor.az TRT 1-ə istinadla xəbər verir ki, məşhur Konyaaltı çimərliyi yaxınlığında sahildə dalğaların hündürlüyü 6 metrə çatıb, kurortun bir çox bölgəsində ağaclar aşıb, onlarla avtomobilə ziyan dəyib.

Türkiyənin demək olar ki, bütün Aralıq dənizi sahilləri pis hava şəraitinin rəhmində olub. Bir çox yaşayış məntəqələrində leysan yağışları daşqınlara səbəb olub, bəzi yerlərdə küçələr çaya çevrilib. Meteoroloqların məlumatına görə, ən güclü külək Antalya ilə qonşu olan İsparta vilayətində qeydə alınıb: sürəti 102 km/saata çatıb.

Türkiyənin Meteorologiya Baş İdarəsi cümə axşamı günü ölkənin 11 bölgəsində, xüsusilə Aralıq dənizi və Egey dənizlərində güclü yağış, fırtına küləyi və havanın temperaturunun iki ilə beş dərəcəyə enməsi gözlənilən fırtına xəbərdarlığı edib.

Turan İSMAYIL