NATO Ukrayna məsələsinə qarışmamalıdır - Macarıstan Prezidenti
Macarıstan prezidenti Katalin Novak hesab edir ki, NATO Ukrayna münaqişəsinə cəlb edilməməli və ümumiyyətlə, Avropa daha çox öz gələcək inkişafı barədə düşünməlidir.
Redaktor.az xəbər verir ki, K.Novak bu barədə Budapeştdə xarici səfirlərlə görüşdə çıxışında deyib. O qeyd edib ki, bu məsələlərdə praqmatik mülahizələr rəhbər tutulmalıdır.
Dövlət başçısı xatırladıb ki, Ukraynada silahlı münaqişə bir ilə yaxındır ki, davam edir. Novak deyib: "Şimali Atlantika Müqaviləsi Təşkilatı müharibədən kənarda qalmalı, emosiyaların istifadə olunmasına və münaqişəyə cəlb olunmasına imkan verməməlidir".
Prezident çıxışında Macarıstanın digər dövlətlərin anlayışına arxalandığını vurğulayıb.
"Müxtəlif mədəniyyətlər müxtəlif yollarla fərqli qərarlar qəbul edirlər, lakin Macarıstan onlara hörmət edir. Bunun müqabilində o, eyni şeyi - başqalarından öz mədəniyyətinə və qərarlarına hörməti gözləyir",- deyə MTI xəbər agentliyi Novakdan sitat gətirib .
Qeyd edək ki, Ukrayna münaqişəsinin lap əvvəlindən Macarıstan Rusiyanın hərəkətlərini pisləsə də, digər NATO ölkələrindən fərqli olaraq, Kiyevə silah verməkdən imtina edib.
Tunar Altunbay