Fransız spiker Azərbaycanla sərhədə daha bir Aİ missiyasının göndərilməsinə ÇAĞIRDI

 13:52 13.01.2023     361

Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pivet cümə günü İrəvanda erməni həmkarı Alen Simonyanla birgə mətbuat konfransında Qarabağda vəziyyətin pisləşdiyini qeyd edib və Laçın dəhlizinin açılmasına çağırıb.

Redaktor.az Bu barədə TASS-a istinadla xəbər verir.

"Biz "Dağlıq Qarabağ"dakı vəziyyətdən çox narahatıq, bu, bizi narahat edir, çünki davam edən blokada pisləşən humanitar vəziyyət yaradır. Ermənistanla "Dağlıq Qarabağ" arasında sərbəst gediş-gəlişin, eləcə də elektrik enerjisinin, internetin bərpası çox vacibdir", - o bildirib.

Fransa Milli Assambleyasının sədri həmçinin bəyan edib ki, Paris Ermənistan və Azərbaycan sərhədinə ikinci Avropa İttifaqı mülki missiyasının göndərilməsinin tərəfdarıdır.

"Ümid edirik ki, biz bir daha Avropadan xahiş edə bilərik ki, daha bir missiya gətirsin və onu Ermənistanda (Azərbaycanla sərhəddə) yerləşdirsin. Fransa belə bir missiyanın göndərilməsinin tərəfdarıdır".

Turan İSMAYIL