İranın müdafiə nazirinin sabiq müavini edam olundu

 09:38 14.01.2023     342

Bu gün səhər saatlarında İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.

Bildirilib ki, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına ötürüb.

"O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb", - rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, ötən gün “Sabrin News” və “İran İnternational” saytları öz mənbələrinə istinadən keçmiş nazir müavininin edam hökmünün icra edildiyi barədə məlumatlar yayıb.

Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviter səhifəsində onun barəsində çıxarılan edam hökmünün siyasi motivli olduğunu bildirərək təcili azad edilməsini yazıb.