"Kosovonun baş naziri özünü yeni Zelenski kimi aparır" - Vuçiç

 16:02 14.01.2023     536

"Kosovonun baş naziri Albin Kurti muxtar Serb bölgəsini NATO-nun bir hissəsi, özünü isə yeni Vladimir Zelenski kimi təqdim etməyə çalışır".

Redaktor.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Şənbə günü Vuçiç "Novi Sad-Subbotica" dəmir yolunun tikinti sahəsinə baxış keçirəndən sonra mətbuat konfransında iştirak edib. Serbiya lideri Kurtinin "Serbiya və Kosovo sərhədinin NATO və Rusiyanın sərhədinə çevrildiyi" iddiasını xatırladıb.

“Mən bilmirdim ki, Kurti indi NATO-dur, amma əgər o, özünü NATO-nun bir hissəsi hesab edirsə, mən ona deyim ki, Serbiyanın öz sərhədləri var, bunlar nə Rusiya, nə də NATO sərhədləridir. BMT nizamnaməsi və 1244 saylı qətnamə. Bu, özünü böyük qurban və hansısa yeni Zelenski, məni isə balaca Putin və s. kimi göstərməyə çalışdığı çıxılmaz siyasi cəhdlərdən biridir. Mən buna fikir vermirəm, mən son bir ildə çoxlu cəfəngiyat eşitmişəm",- o qeyd edib.

Kosovo və Metoxiyadakı vəziyyət 2022-ci il dekabrın 6-da xüsusi təyinatlıları Aİ missiyasının patrullarının müşayiəti ilə bölgənin şimalında seçki komissiyalarının binalarını ələ keçirməyə başlayanda kəskin şəkildə gərginləşib. Serb əhalisi İbar çayının o tayından qaçan kosovalılara müqavimət göstərib. Dekabrın 8-də Kosovodan olan 350-yə yaxın polis əməkdaşı zirehli maşınlarla muxtar vilayətin serblərin məskunlaşdığı şimalına daxil olub və Mitrovitsa şəhərinin şimal hissəsini mühasirəyə alıb. Dekabrın 10-da Kosovo polisi bu şəhərdə keçmiş serb polisi Deyan Pantiçi həbs edib. Buna cavab olaraq serb əhalisi bir neçə yaşayış məntəqəsinin yollarını barrikadalarla bağlayıb.

Dekabrın 26-da Kosovo hakimiyyəti silahlı qüvvələrini tam hazırlıq vəziyyətinə salıb. Cavab olaraq Serbiyanın baş nazirinin müavini, müdafiə naziri Miloş Vuçeviç və daxili işlər naziri Bratislav Qaşiç bildiriblər ki, prezidentin sərəncamı ilə ölkənin Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyinin qüvvələri də döyüş hazırlığı vəziyyətinə gətirilib. .

Dekabrın 28-də vəziyyət sabitləşib. Aİ və ABŞ-ın zəmanətindən sonra Priştina saxlanılan serbləri azad edib və barrikadalar sökülüb.

Tunar Altunbay