Rusiyalı turstlərin sayı 80-90% azalıb

 16:49 14.01.2023     436

2022-ci ildə Avropa ölkələrinə səyahət edən rusiyalı turistlərin sayı 80-90% azalıb. Bu azalmanın əsas səbəblərindən biri kimi logistik çətinliklər və 3-4 dəfə artan nəqliyyat xərcləri göstərilib.

Redaktor.az xəbər verir ki, bu barədə "SchengenVisaInfo.com" məlumat yayıb.

Rusiya turoperatorları Avropaya turist axınının azalmasını ilk növbədə birbaşa uçuşların olmaması ilə əlaqələndirirlər. Belə ki, köçürmələrlə uçmaq zərurəti ilə əlaqədar olaraq, aviabiletlərin qiyməti orta hesabla 300-400 avrodan 1000 avroya və daha çox bahalaşıb. Uçuş müddəti də artıb - üç saatdan 8-24 saata qədər artıb.

Qeyd olunur ki, Polşa, Finlandiya, Baltikyanı ölkələr və Çexiya məhdudlaşdırıcı tədbirlər tətbiq olunduqdan sonra praktiki olaraq rusiyalı turistləri qəbul etmir.

Rusiya turistlərinin ən çox səyahət etdiyi ölkələrin onluğundakı Yunanıstana bir il əvvələ nisbətən 80% azalaraq 31,300 nəfər gedib.

Həmçinin Rusiya vətəndaşları tərəfindən Yunanıstan, İtaliya və İspaniyanın viza mərkəzlərinə müraciətlərin sayı 80% azalıb. Digər ölkələrdə bu rəqəm daha çox ola bilər.

İspaniya, Yunanıstan və İtaliya rus turistlərinin sayının Avropanın qalan hissəsinə nisbətən daha az azaldığı ölkələrdir. Bu, onların ruslara viza verməkdə davam etmələri ilə bağlıdır. Rusiyalı turistlərin girişinə icazə verilməyən digər ölkələrdə isə onların sayı sıfıra enib. Ümumilikdə Rusiyadan Avropaya turist axınının azalması 90-95% qiymətləndirilir.
Kiprdə rus və ukraynalı turistlərin olmaması turizm sektorunun 600 milyon avro itirməsinə səbəb olub.

Qeyd edək ki, Ukraynanı işğalı ilə əlaqədar Avropa İttifaqı, ABŞ və bir çox başqa ölkələr, həmçinin Rusiyanın mülki aviasiya sektoruna qarşı sanksiyalar tətbiq edib. Xüsusilə, Aİ öz hava məkanını bütün Rusiya aviaşirkətləri üçün bağlayıb və dünyanın bir çox aviadaşıyıcıları Rusiyaya uçuşları dayandırıb. Bundan əlavə, Avropa bütün Rusiya aviaşirkətlərinin təyyarələrin uçuşa yararlılıq sertifikatlarını dayandırıb.

2022-ci il sentyabrın 12-də Avropa İttifaqı Şurasının Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin tam ləğvi ilə bağlı qərarı da qüvvəyə minib.

Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Hollandiya Rusiya vətəndaşlarından turist vizası üçün sənədlərin qəbulunu dayandıraraq, onlara humanitar xarakterli də daxil olmaqla, yalnız müəyyən kateqoriyalı vizalar almaq imkanı verib. Ruslar viza üçün müraciət edərkən daha çox əlavə sənədlər təqdim etməli olacaqlar və çoxdəfəlik vizalar daha az veriləcək. Rusiya Federasiyası vətəndaşları üçün də viza rüsumu 35 avrodan 80 avroya yüksəlib, vizaların verilməsi şərtləri artırılıb.

Daha sonra Estoniya, Latviya, Litva və Polşa Şengen turist vizası olan rusların girişini bağlayıb. Onlar hesab edirlər ki, rusların səfərləri bütün Şengen zonasının ictimai təhlükəsizliyinə təhdiddir.

Tunar Altunbay