Türkiyə Ukraynaya sursat tədarük edir? - Kalından AÇIQLAMA

 17:50 14.01.2023     414

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Qərb mətbuatında Ankaranın Ukraynaya kaset sursatları tədarük etməyə başlaması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

"Türkiyənin Ukraynaya kasset bombası göndərməsi ilə bağlı iddialar tamamilə yanlışdır və tamamilə yalandır. Bunu Ukrayna tərəfi də təkzib etdi. Onların bu məlumatı haradan aldığını bilmirəm", - o, jurnalistlərlə görüşdə deyib.

Daha əvvəl "Foreign Policy" jurnalı ABŞ və Avropa rəsmilərinə istinadən yazıb ki, Türkiyə 2022-ci ilin noyabr ayından etibarən ABŞ-ın Soyuq Müharibə dövründə istehsal etdiyi kasetli sursatları Ukraynaya tədarük etməyə başlayıb.

Bu məlumatlara görə, söhbət Soyuq Müharibə illərində ABŞ-la razılaşma əsasında Türkiyədə istehsal edilən, təkmilləşdirilmiş standart ikili təyinatlı sursatlardan gedir. Onlar zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulub.

Yanvarın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva bu iddialar ətrafında vəziyyəti diqqətlə izləyir. Bu baxımdan o xatırladıb ki, Rusiya Türkiyədən Ukraynaya Bayraktarın və bu pilotsuz təyyarələr üçün sursatların çatdırılmasından yaxşı xəbərdardır.

Eyni zamanda, Peskov qeyd edib ki, Türkiyənin NATO üzvü olan ölkə kimi öhdəlikləri və digər ölkələrlə öz ikitərəfli münasibətləri var.

Tunar Altunbay