Belarusda Rusiya ordusu ilə birgə taktiki uçuş təlimi BAŞLADI

 11:03 16.01.2023     286

Belarusda regional qüvvələr qrupunun aviasiyasının taktiki-uçuş təlimi başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə yanvarın 16-da Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

“Bu gün qoşunların regional qrupunun aviasiya komponentinə daxil olan Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimi başlayıb”, - məlumatda deyilir. 

Qeyd olunur ki, Rusiya tərəfdən təlimlərdə Aerokosmik Qüvvələrin hərbi birləşmələri iştirak edir.

Tədbirin əsas məqsədi döyüş hazırlığı tapşırıqlarının birgə yerinə yetirilməsi zamanı Rusiya və Belarus qoşunlarının əməliyyat uyğunluğunu artırmaq olub.

Həmçinin bildirilir ki, təlimlərə Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qüvvələrinin bütün aerodrom və poliqonları cəlb olunub.

Qeyd edək ki, bir gün əvvəl bildirilmişdi ki, Rusiya Aerokosmik Qüvvələrinin bölmələri yanvarın 16-dan fevralın 1-dək davam edəcək birgə təlimlər üçün Belarusa gedib.

Bundan əvvəl, yanvarın 13-də Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti bildirmişdi ki, Belarus və Rusiya qoşunlarının regional qrupunun artilleriya bölmələri birgə döyüş əlaqələndirmə fəaliyyətləri çərçivəsində nəzərdə tutulan tapşırıqları yerinə yetirmək üçün hazırlanır.

Həmin gün Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib ki, Rusiya və Belarusun birgə təlimləri müdafiə xarakteri daşıyır və potensial düşmənləri eskalasiyadan çəkindirməyə hesablanıb.

2022-ci ilin dekabrında Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç qeyd etdi ki, yeni çağırışlar Minsk və Moskva arasında əməkdaşlığa, eləcə də dost olmayan ölkələrin dağıdıcı siyasətindən müstəqilliyin möhkəmləndirilməsinə kömək edir.

Turan İSMAYIL