Türkiyə ABŞ-dan F-16 qırıcıları ilə bağlı vacib qərar gözləyir - Çavuşoğlu

 14:58 16.01.2023     399

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı Vaşinqtonla aparılan danışıqları müsbət adlandırıb və sazişin ABŞ Konqresində təsdiqlənməsi perspektivini müsbət qiymətləndirib.

Redaktor.az NTV kanalına istinadla xəbər verir ki, bu barədə Ankarada Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviçlə mətbuat konfransında bildirib.

"F-16 təyyarələrinin satışının müzakirəsi prosesi müsbət gedir. Hərbi səviyyədə danışıqlar başa çatıb. ABŞ Müdafiə Nazirliyi Xarici İşlər Nazirliyinə (ABŞ Dövlət Departamenti) hesabat göndərib və Xarici İşlər Nazirliyi bu barədə Konqresə qeyri-rəsmi məlumat verib. Əgər məsələ öyrənildikdən sonra etirazlar olmasa, proses başa çatıb, Konqresdə rəsmi təqdimat olacaq”, - nazir bildirib. O izah edib ki, bundan sonra səsvermə nəzərdə tutulur.

"Biz bu məsələnin problemsiz həllini gözləyirik. Bizim bütün səviyyələrdə razılaşmalarımız var. Və ABŞ rəhbərliyi təyyarələrin çatdırılmasının təkcə Türkiyə üçün deyil, həm də NATO üçün vacib olduğunu vurğuladı. Bu vacibdir", - o, qeyd edib.

Çavuşoğlu F-16 qırıcılarının Yunanıstana mümkün satışına da toxunub: "Türkiyə ilə Yunanıstan arasında münasibətlərdə tarazlıq pozulmağa başladı. Eləcə də Kiprin türk və yunan hissələri arasında balans pozulmağa başladı. ABŞ müttəfiqi olaraq buna diqqət yetirməlidir".

Qeyd edək ki, bundan öncə "Wall Street Journal" yanvarın 13-də yazıb ki, Bayden administrasiyası Türkiyəyə F-16 qırıcılarının satışı üçün ABŞ Konqresindən razılıq almaq niyyətindədir. Nəşr bildirib ki, söhbət 40 yeni qırıcının, eləcə də artıq Türkiyə ordusunda xidmətdə olan bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün dəstlərin satışından gedir.

Xatırladaq ki, Türkiyənin Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 hava hücumundan müdafiə sistemlərinin dörd diviziyasını alması səbəbindən bu məsələ böyük çətinliklə irəliləyir. 2019-cu ilin oktyabrında “Rosoboroneksport” sistemlərin tədarükü ilə bağlı müqavilənin tamamlandığını bildirib. Türkiyənin S-400 almasından sonra ABŞ onu beşinci nəsil F-35 qırıcı-bombardmançı istehsalı proqramından çıxarıb, həmçinin F-16 müqaviləsini dondurmağa və ləğv etməyə çalışıb.

Turan İSMAYIL