Türkiyə İsveçin NATO-ya üzv olması üçün şərt irəli sürdü

 10:51 17.01.2023     333

İsveç terror təxribatlarına məhəl qoymasa, Türkiyənin NATO üzvlüyünə dəstəyini gözləyə bilməz.

Redaktor.az "Anadolu" xəbər agentliyinə istinadla bildirir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

"İsveç NATO-ya üzv olmaq üçün müraciət məsələsində Türkiyənin dəstəyini almaq istəyirsə, Ankara ilə razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməlidir" - nazir bildirib.

O, qeyd edib ki, iki Skandinaviya ölkəsi Ankaraya təhlükəsizlik sahəsində, o cümlədən terrorla mübarizədə dəstək verməli, həmçinin müdafiə sektorunda məhdudiyyətləri aradan qaldırmalıdır.

Xatırladaq ki, bundan əvvəl Stokholmda Türkiyədə qadağan olunmuş PKK terror təşkilatının tərəfdarlarının mitinqi keçirilib və aksiyada Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğanın ünvanına bir sıra təhqiramiz ifadələr və jestlər edilib. İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona aksiya ilə bağlı etiraz edilib. Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarının Ankaraya planlaşdırdığı səfərini ləğv edib.

Mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı müharibəsi fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi tərəfindən ratifikasiya olunmayıb: bunlar Macarıstan və Türkiyədir.

Turan ASLAN