Estoniya prezidentindən Ermənistan-Azərbaycan sərhədi ilə bağlı AÇIQLAMA

 14:04 17.01.2023     392

Estoniya Avropa İttifaqının (Aİ) Ermənistan və Azərbaycan sərhədində yeni monitorinq missiyasının işə salınmasını dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bu barədə bu ölkənin prezidenti Alar Karis Tallinndə erməni həmkarı Vaaqn Xaçaturyanla danışıqlardan sonra öz Tviter hesabında yazıb.

Onun sözlərinə görə, Ermənistan prezidenti ilə danışıqlar zamanı Qarabağdakı gərginliyi müzakirə ediblər və razılaşıblar ki, məsələnin sülh yolu ilə həlli lazımdır.

"Biz beynəlxalq ictimaiyyətin dəstəyi ilə əldə edilmiş danışıqlar yolu ilə, hərtərəfli və davamlı sülhə çağırırıq. Estoniya Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqının monitorinq missiyasının işə salınmasını dəstəkləyir", - o deyib.

Xatırladaq ki, Aİ müşahidəçilərinin ilk missiyası Ermənistana oktyabrın 19-da gəlib və dekabrın 19-dək işləyib. Dekabrın 20-də vəziyyəti qiymətləndirmək üçün Aİ-dən Ermənistana qrup gəlib.

Səfərin məqsədi 2023-cü ildə yeni monitorinq missiyasının yerləşdirilməsi üçün “zəmin” hazırlamaqdır. İlkin məlumatlara görə, yeni missiya bu ilin yanvar-fevral aylarında işə başlaya bilər.

Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasının yerləşdirilməsi Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub.

Turan İSMAYIL