Polşa Ukraynaya 260 "T-72" tankı göndərdi
Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 T-72 tankı təhvil verib.
Redaktor.az “Ukrinform”a istinadən bildirir ki, bunu Polşa Prezidenti Anjey Duda Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirilən “Avropanın müdafiəsində” adlı paneldə çıxışı zamanı deyib.
“İki səbəb var: birincisi, Almaniya NATO-nun bir hissəsidir və əgər bir neçə müttəfiq öz tanklarını Ukraynaya təhvil verməyə hazır olduqlarını bildirirlərsə, bu, vacib məqamdır. İkincisi, Almaniyanın siyasi səhnəsinin və ictimai rəyin təzyiqi artır, ona görə də ümid edirəm ki, bütün bu elementlər bu çox vacib qərara gətirib çıxaracaq”, - Duda bildirib.
O, Kiyevə hərbi yardımın Ukraynanın şərqindəki çətin vəziyyətin həllində əsas element olduğunu vurğulayıb: “Ukraynanın müdafiəçilərinə çoxlu sayda ən müasir silahlar göndərməyə davam etsək, ukraynalılar Rusiyanı dayandıra biləcəklər”.
A.Duda söyləyib ki, Ukraynaya daha çox hərbi yardım göstəriləcək: “Varşava Kiyevə əhəmiyyətli hərbi yardım edir".
Məlumatda o da bildirilir ki, Polşa bu yaxınlarda Ukraynaya “Leopard 2” tanklarının verilməsinə razılıq verib. Amma onların Ukraynaya verilməsi üçün Almaniyanın razılığı lazımdır.
Tunar Altunbay