İsrail Ukraynaya yüz minlərlə Amerika mərmisi verəcək

 09:56 18.01.2023     454

ABŞ İsraildə yerləşən Amerika anbarlarından Ukraynaya 155 mm-lik artilleriya sursatının tədarükü ilə bağlı razılığa gəlib.

Redaktor.az bu barədə "The New York Times"a istinadla xəbər verir.

Nəşrin mənbələrinin məlumatına görə, saziş Ukraynaya 300 min artilleriya mərmisinin tədarükünü nəzərdə tutur ki, onların da təxminən yarısı artıq Avropaya göndərilib və Polşa vasitəsilə Ukraynaya çatdırılması gözlənilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan mərmilər 1973-cü il Ərəb-İsrail müharibəsindən sonra ABŞ ordusunun Yaxın Şərqdəki münaqişələrdə istifadə etməsi üçün İsraildə yaradılmış iki Amerika anbarında saxlanılıb.

Bundan əvvəl Norveçin Ukraynaya 155 mm kalibrli 10 min artilleriya mərmisi göndərdiyi bildirilirdi. Artıq sursatların ölkə ərazisini tərk etdiyi bildirilir.

Ukraynanın İsraildən müasir hava təhlükəsi xəbərdarlığı texnologiyaları alacağı barədə də məlumat var. Söhbət Rusiya raketləri və dronları ilə bağlı xəbərdarlıqlardan gedir.

Turan İSMAYIL