Ararat Mirzoyan Antalyada Çavuşoğlu ilə görüşəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Antalyada keçiriləcək diplomatik forumda iştirak etməyə hazırlaşır.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, bu barədə Mirzoyan parlamentdə hökumət saatında deyib.
Deputat Tsovinar Vardanyanın yaxın gələcəkdə mümkün yüksək səviyyəli görüşlərlə bağlı sualını cavablandıran Mirzoyan qeyd edib ki, iki ölkənin xüsusi nümayəndələri bir müddətdir görüşmürlər və yeni görüşlə bağlı hələlik razılıq yoxdur.
"Ancaq mən Türkiyənin xarici işlər nazirindən bu il Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün dəvət almışam və orada iştirak etmək fikrindəyəm. Yəqin ki, orada da görüş olacaq", - erməni nazir qeyd edib.
Qeyd edək ki, Mirzoyanın türkiyəli həmkarı ilə ilk dəfə ötən il il martın 12-də Antalyada keçirilən forum çərçivəsində görüşü olub.
Tunar Altunbay