Ukraynada helikopter qəzasında ölənlərin son sayı AÇIQLANDI

 21:01 19.01.2023     402

Brovarıdakı uşaq bağçasının ərazisinə düşən helikopterin göyərtəsində əvvəllər deyildiyi kimi 9 deyil, 10 nəfər olub.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyindən əlavə, qəzada patronaj xidmətinin rəis müavini Tatyana Şutyak, iki mühafizəçi və bir fotoqraf həlak olub.

"İndiyə qədər təyyarə qəzası nəticəsində ölən 14 nəfər cəsəd aşkarlanıb ki, onlardan biri 2017-ci il təvəllüdlü qızdır. Helikopterin göyərtəsində 10 nəfər - üç ekipaj üzvü, yeddi nəfər isə Daxili İşlər Nazirliyinin rəhbər heyəti olub”,- Milli Polisin sözçüsü Maryana Reva brifinq zamanı bildirib.

Qeyd edək ki, yanvarın 18-də Brovarıda təyyarə qəzası zamanı Xarkov vilayətinə uçan Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Helikopterdə olan Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Denis Monastırski qəzadan sağ çıxmayıb.

Eyni zamanda helikopterin uşaq bağçasının ərazisinə düşməsi əlavə insan tələfatına səbəb olub. Ümumilikdə faciə yerində biri uşaq olmaqla 14 ölü tapılıb.

Yanvarın 19-na olan məlumata görə, xəstəxanada altısı uşaq olmaqla 16 nəfər qalır.

Hüquq-mühafizə orqanları faciənin üç əsas versiyasını - uçuş qaydalarının pozulması, texniki nasazlıq və helikopterin qəsdən məhv edilməsini nəzərdən keçirirlər.

Tunar Altunbay