Qırğızıstan rus dilindən azad olunur
Qırğızıstan parlamenti dövlət dili haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Yeni qanun dövlət dilinin istifadəsinin hüquqi bazasının yaradılmasına və dil siyasətinin həyata keçirilməsinə yönəlib.
Redaktor.az xəbər verir ki, bu barədə “Azattyk Unalgysy” məlumat yayıb. Birinci oxunuşda sənədi yerli parlamentin qeydə alınmış 88 deputatından 75-i dəstəkləyib, biri əleyhinə səs verib.
Qeyd edək ki, “Qırğızıstan Respublikasının dövlət dili haqqında” konstitusiya qanununun yeni variantı ötən ilin payızında ictimai müzakirəyə çıxarılıb.
Yeni qanun qəbul olunarsa, dövlət orqanları, yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar öz fəaliyyətlərini qırğız dilində aparmalı olacaqlar.
O cümlədən, qanun layihəsində nəzərdə tutulur ki, seçkilərin, referendumların hazırlanması və keçirilməsi, məhkəmə işlərinin aparılması, hüquq-mühafizə orqanlarının fəaliyyəti, beynəlxalq müqavilələrin bağlanması, normativ hüquqi aktların yazılması, sənəd dövriyyəsi qırğız dilində aparılmalıdır.
Həmçinin müəssisə və dövlət qurumlarının adları, əmtəə nişanları, öz coğrafi adları qırğız dilində yazılmalıdır.
Nəşr xatırladır ki, 1989-cu il sentyabrın 23-də Qırğızıstanda dövlət dili haqqında qanun qəbul edilib. İndi qırğız dili dövlət dili, rus dili isə rəsmi dildir.
Vətəndaş cəmiyyəti ölkədə qırğız dilinə o qədər də önəm verilməməsini, qurum və müəssisələrdə sənədləşmənin və iclasların rus dilində aparılmasını tənqid edir.
Qanun layihəsinin müzakirəsi zamanı deputatlar qırğız dilinin asan və səmərəli öyrənilməsinə yönəlmiş metodologiyanın yaradılmasının zəruriliyini qeyd ediblər.
Tunar Altunbay